Saytın Google-da istədiyimiz nəticəni vermədiyini gördükdə birbaşa yeni məqalə yazmaq, backlink almaq və ya title-ları dəyişmək düzgün başlanğıc olmaya bilər. Əvvəlcə problemin harada olduğunu müəyyən etmək lazımdır. Bəzən əsas problem kontentdə olur, bəzən Google vacib səhifələri indexləmir, bəzən daxili linklər zəifdir, bəzən isə texniki struktur crawler-in səhifələrə normal çatmasına mane olur.
Bəs SEO audit nədir və praktik olaraq necə aparılır? SEO audit saytın axtarış sistemlərində görünməsinə təsir edə biləcək texniki, on-page, kontent, struktur və performans problemlərinin sistemli şəkildə yoxlanılmasıdır. Məqsəd sadəcə yüzlərlə error çıxaran hesabat hazırlamaq deyil. Əsas məqsəd hansı problemlərin real təsir yaratdığını müəyyən etmək və onları prioritet sırası ilə həll etməkdir.
SEO audit-i sayt üçün texniki müayinə kimi düşünmək olar. Əvvəlcə mövcud vəziyyəti anlayırıq, sonra problemləri qruplaşdırırıq və ən vacib olanlardan başlayaraq düzəliş planı hazırlayırıq.
SEO audit nədir?
SEO audit saytın mövcud SEO vəziyyətinin sistemli analizidir. Audit zamanı Google-un səhifələri tapa və indexləyə bilməsi, səhifələrin axtarış niyyətinə uyğunluğu, meta məlumatlar, heading strukturu, daxili linklər, performans, structured data və digər əsas elementlər yoxlanılır.
Audit yalnız technical SEO demək deyil. Normal SEO audit bir neçə istiqaməti birlikdə qiymətləndirə bilər:
- crawlability;
- indexation;
- sitemap və robots.txt;
- canonical;
- redirect və status code-lar;
- on-page SEO;
- kontent;
- internal linking;
- Core Web Vitals;
- structured data;
- mobil istifadə;
- backlink profilinin ümumi vəziyyəti;
- Google Search Console datası.
Saytın SEO əsasları haqqında ümumi təsəvvür yoxdursa, əvvəlcə SEO-nun necə işlədiyini anlamaq audit zamanı gördüyümüz problemlərin niyə vacib olduğunu daha aydın göstərir.
SEO audit niyə edilməlidir?
Saytda hər şey vizual olaraq normal görünə bilər, amma bu, SEO baxımından hər şeyin düzgün olduğu demək deyil.
Məsələn, istifadəçi səhifəni problemsiz açır, amma səhifədə noindex varsa Google onu axtarış nəticələrinə daxil etməyə bilər. Başqa vəziyyətdə səhifə indexlənir, amma canonical başqa URL-i göstərir. Yaxud saytın 500 məhsul səhifəsi var, lakin onların bir hissəsinə sayt daxilindən heç bir normal link getmir.
Belə problemlər çox vaxt sadəcə sayta baxmaqla görünmür.
SEO audit bu suallara cavab tapmağa kömək edir:
- Google vacib səhifələri tapa bilir?
- Hansı səhifələr indexlənir?
- Indexlənməməli səhifələr Google-a açıqdır?
- Sitemap düzgün URL-ləri ehtiva edir?
- Broken link və 404 problemləri varmı?
- Redirect-lər düzgün işləyir?
- Canonical strukturu düzgündür?
- Title, description və H1-lər qaydasındadır?
- Səhifələr düzgün search intent hədəfləyir?
- Internal linking vacib səhifələri dəstəkləyir?
- Mobil və performans problemləri varmı?
Bu sualların cavabı məlum olmadan SEO işlərini planlamaq çox vaxt təxmin üzərində işləməyə çevrilir.
SEO audit haradan başlamalıdır?
İlk mərhələdə bütün alətləri açıb yüzlərlə error toplamaq lazım deyil. Əvvəlcə saytın əsas vəziyyətini anlamaq daha düzgündür.
Başlanğıc üçün bunları müəyyən etmək olar:
- Saytın əsas məqsədi nədir?
- Hansı səhifələr biznes üçün vacibdir?
- Google Search Console qoşulub?
- Saytın XML sitemap-ı varmı?
- Təxminən neçə indexable səhifə var?
- Əsas organic traffic hansı səhifələrdən gəlir?
- Son dövrdə click və impression dəyişiklikləri olub?
- Saytda yaxın zamanda migration, redesign və ya URL dəyişiklikləri edilib?
Bu məlumatlar auditin istiqamətini müəyyən etməyə kömək edir. Məsələn, 20 səhifəlik xidmət saytı ilə 50 min məhsullu e-commerce saytının audit prosesi eyni olmayacaq.
Saytı crawl etməklə auditə başlamaq
SEO audit zamanı ən faydalı mərhələlərdən biri saytı crawler vasitəsilə analiz etməkdir. Screaming Frog kimi alətlər sayt daxilindəki URL-ləri və onlar arasındakı əlaqələri görməyə imkan verir.
Crawl nəticəsində adətən bunları yoxlamaq mümkündür:
- 200 statuslu səhifələr;
- 3xx redirect-lər;
- 4xx səhifələr;
- 5xx server problemləri;
- title və description-lar;
- H1 və H2-lər;
- canonical URL-lər;
- indexability;
- internal linklər;
- image-lər;
- response time;
- page depth.
Amma crawler-in göstərdiyi hər warning SEO problemi deyil. Audit zamanı alətin verdiyi məlumatı interpretasiya etmək lazımdır.
Məsələn, bir səhifədə meta description olmaması qeyd edilə bilər. Bu, yoxlanmalı məsələdir, amma həmin anda saytın əsas category səhifələri noindex vəziyyətindədirsə, prioritet meta description deyil.
Crawlability necə yoxlanılır?
Crawlability axtarış sistemi botlarının saytın səhifələrinə çata bilməsi ilə əlaqəlidir.
Google URL-ləri əsasən mövcud səhifələrdəki linklər və sitemap kimi mənbələr vasitəsilə kəşf edir. Buna görə audit zamanı vacib səhifələrin crawl edilə bilən link strukturu daxilində olub-olmadığını yoxlamaq lazımdır.
Praktik olaraq bunlara baxılır:
- vacib URL-lərə internal link varmı;
- robots.txt vacib bölmələri bloklayırmı;
- linklər normal <a href> formatındadırmı;
- səhifə çox dərin click depth-də qalıbmı;
- broken internal linklər varmı;
- redirect chain yaranıbmı.
Google-un sənədlərində də crawl edilə bilən linklərdən istifadə və vacib səhifələrin başqa tapıla bilən səhifələrdən link alması tövsiyə olunur.
Robots.txt audit zamanı necə yoxlanılır?
robots.txt crawler-lərin saytın hansı hissələrinə daxil ola biləcəyi ilə bağlı qaydalar təqdim edir.
Məsələn:
Disallow: /admin/
normal ola bilər.
Amma yanlış konfiqurasiya nəticəsində:
Disallow: /
yazılıbsa, crawler-lərin bütün sayta girişi bloklana bilər.
Audit zamanı robots.txt daxilindəki qaydaların məqsədli olub-olmadığını yoxlamaq lazımdır.
Burada vacib fərq var: robots.txt crawling-i idarə edir, URL-in Google indeksindən çıxarılması üçün əsas vasitə deyil. Google-un rəsmi sənədləri də səhifəni search nəticələrindən çıxarmaq üçün noindex istifadə edilməsini, həmin səhifənin robots.txt ilə bloklanmamasını izah edir, çünki crawler noindex direktivini görə bilməlidir.
XML sitemap necə yoxlanılır?
XML sitemap Google-a saytın hansı URL-lərinin crawl üçün təqdim edildiyini göstərən fayldır.
Audit zamanı sitemap daxilində əsasən bunlara baxmaq lazımdır:
- yalnız canonical URL-lər varmı;
- 404 URL-lər sitemap-a düşüb?
- redirect olunan URL-lər var?
- noindex səhifələr daxil edilib?
- sitemap yenilənir?
- Google Search Console-a təqdim olunub?
- böyük saytlar üçün sitemap index düzgün qurulub?
Sitemap-da URL olması onun mütləq indexlənəcəyi demək deyil. Sitemap Google üçün siqnaldır, index zəmanəti deyil.
Buna görə sitemap auditini Google Search Console-dakı real indexation datası ilə birlikdə aparmaq daha düzgündür.
Indexation audit necə edilir?
SEO audit-in ən vacib hissələrindən biri hansı səhifələrin Google indeksində olub-olmadığını anlamaqdır.
Burada iki əsas problem ola bilər.
Birincisi, indexlənməli səhifə indexlənmir.
İkincisi, indexlənməməli səhifə indexlənir.
Məsələn, əsas service page Google-da yoxdursa bu problem ola bilər. Amma admin, filter və ya lazımsız parameter URL-lərinin indexlənməsi də saytın strukturunu qarışdıra bilər.
Indexation yoxlanarkən Google Search Console-un Page Indexing və URL Inspection məlumatlarından istifadə etmək mümkündür. Search Console konkret URL-in Google tərəfindən necə görüldüyünü, crawl və index vəziyyətini araşdırmağa kömək edir.
Problemi görəndə dərhal “Request Indexing” düyməsini basmaq əvəzinə səbəbi tapmaq daha vacibdir.
Səhifə:
- noindex ola bilər;
- robots.txt ilə bloklana bilər;
- canonical başqa URL-i göstərə bilər;
- soft 404 kimi qiymətləndirilə bilər;
- duplicate ola bilər;
- crawl edilməmiş ola bilər;
- keyfiyyət və ya struktur baxımından zəif ola bilər.
Səbəb həll edilmədən yalnız yenidən index request göndərmək problemi həll etməyə bilər.
Canonical tag necə yoxlanılır?
Canonical oxşar və duplicate səhifələr arasında hansı URL-in əsas versiya kimi qəbul edilməsini istədiyimizi göstərmək üçün istifadə olunur.
Məsələn:
example.com/product
və
example.com/product?sort=price
eyni əsas məzmunu göstərə bilər.
Audit zamanı yoxlanmalıdır:
- canonical mövcuddur?
- self-referencing canonical lazım olan səhifələrdə düzgündür?
- canonical 404 səhifəyə getmir?
- canonical redirect olunan URL-i göstərmir?
- səhvən başqa məhsul və ya category-yə yönəlmir?
- HTTP və HTTPS versiyaları qarışmayıb?
- trailing slash variantları uyğundur?
Canonical səhvləri xüsusilə e-commerce, filter və parameter URL-ləri çox olan saytlarda daha geniş problem yarada bilər.
Status code-lar necə analiz edilir?
SEO audit zamanı hər URL-in HTTP status koduna baxmaq lazımdır.
Əsas statuslar:
- 200 — səhifə normal açılır;
- 301 — daimi redirect;
- 302 — müvəqqəti redirect;
- 404 — səhifə tapılmır;
- 410 — resurs silinib;
- 5xx — server tərəfli problem.
404 görmək avtomatik olaraq kritik SEO problemi demək deyil. Silinmiş və əvəzi olmayan səhifənin 404 qaytarması normal ola bilər.
Problem həmin URL-ə sayt daxilində hələ də çoxlu link getdiyi və ya səhifənin əslində mövcud olmalı olduğu zaman yaranır.
Məsələn:
Blog A → 404 URL
olduqda istifadəçi broken səhifəyə düşür. Belə vəziyyətdə internal link ya uyğun yeni səhifəyə dəyişdirilməli, ya da artıq lazım deyilsə silinməlidir.
Redirect audit necə edilir?
Saytda URL dəyişiklikləri zamanı 301 redirect istifadə etmək normaldır. Problem redirect-lərin nəzarətsiz yığılmasıdır.
Məsələn:
URL A → URL B → URL C → URL D
Bu redirect chain-dir.
Əgər A səhifəsindəki internal linki birbaşa D-yə dəyişmək mümkündürsə, aradakı lazımsız keçidləri internal linking səviyyəsində aradan qaldırmaq daha təmiz yanaşmadır.
Audit zamanı bunlara baxmaq lazımdır:
- redirect chain;
- redirect loop;
- səhv target URL;
- HTTP → HTTPS;
- www / non-www;
- köhnə internal linklər;
- redirect olunan sitemap URL-ləri.
Migration keçirmiş saytlarda redirect audit xüsusilə vacibdir.
On-page SEO audit necə edilir?
Texniki struktur yoxlandıqdan sonra əsas səhifələrin on-page elementləri analiz edilir.
Buraya:
- meta title;
- meta description;
- H1;
- H2-H3 strukturu;
- URL;
- kontent;
- search intent;
- image alt text;
- internal linking
daxildir.
Məsələn, bir service page-in title-ı sadəcə:
Services
olarsa, həm istifadəçiyə, həm də search engine-ə səhifənin konkret hansı xidməti təqdim etdiyini yaxşı izah etmir.
Daha konkret title səhifənin real xidmətini ifadə etməlidir.
On-page elementlərin ayrıca necə optimizasiya edildiyini on-page SEO bələdçisində daha geniş görmək mümkündür.
Meta title və description audit
Böyük saytlarda metadata problemlərini crawler ilə toplamaq rahatdır.
Aşağıdakılar ayrıca yoxlanıla bilər:
- missing title;
- duplicate title;
- çox ümumi title;
- səhifə intent-inə uyğun olmayan title;
- missing description;
- duplicate description;
- template-dən gələn səhv metadata.
Amma yalnız simvol sayına baxmaq kifayət deyil.
Məsələn:
SEO Xidməti | Company
normal uzunluqda ola bilər, amma target səhifənin hansı bazara və hansı xidmətə aid olduğunu kifayət qədər göstərməyə bilər.
Digər tərəfdən title müəyyən tool-un tövsiyə etdiyi limitdən bir neçə simvol uzun olduğu üçün avtomatik kritik problem hesab edilməməlidir. Əsas məsələ title-ın səhifəni düzgün və aydın təqdim etməsidir.
Meta description-un Google nəticələrində necə işlədiyini meta description haqqında ayrıca izahda daha detallı göstərmişəm.
Heading strukturu necə yoxlanılır?
Audit zamanı H1-H6 strukturu da yoxlanılır.
Praktik olaraq:
- səhifənin əsas başlığı aydındır?
- H1 əsas mövzunu ifadə edir?
- alt mövzular H2 ilə bölünüb?
- H3-lər uyğun H2 altında yerləşir?
- heading-lər yalnız dizayn məqsədilə istifadə edilməyib?
- template-dən səhv başlıqlar gəlmir?
Məsələn, appliance repair service səhifəsinin H1-i səhv template səbəbindən “Plumbing Services” olarsa, səhifənin real mövzusu ilə HTML başlığı arasında ciddi uyğunsuzluq yaranır.
Heading audit buna görə yalnız “H1 var/yoxdur” yoxlaması deyil. H1-in düzgün olması da vacibdir.
Kontent audit necə aparılır?
Kontent audit zamanı hər səhifənin söz sayını müqayisə edib ən uzun səhifəni qalib elan etmək lazım deyil.
Əsas suallar bunlardır:
- səhifə search intent-ə cavab verir?
- istifadəçinin əsas sualları cavablandırılır?
- kontent köhnəlib?
- başqa səhifə ilə ciddi overlap var?
- eyni intent üçün bir neçə URL yaradılıb?
- səhifədə faktiki dəyər varmı?
- kontent biznesin real xidmət və məhsullarını düzgün əks etdirir?
Məsələn, istifadəçi “refrigerator repair” axtarırsa, service page-də yalnız şirkət haqqında ümumi mətn yazmaq kifayət deyil. İstifadəçi hansı problemlərin təmir edildiyini, xidmət sahəsini və necə əlaqə saxlayacağını da görmək istəyəcək.
SEO audit zamanı kontent search intent ilə birlikdə qiymətləndirilməlidir.
Internal linking audit necə aparılır?
Daxili linklər saytın səhifələri arasındakı əlaqəni qurur. Audit zamanı yalnız linklərin olub-olmamasına deyil, onların hansı səhifələrə və hansı kontekstdə getdiyinə baxmaq lazımdır.
Xüsusilə:
- orphan pages;
- broken internal links;
- redirect-ə gedən linklər;
- həddindən artıq click depth;
- əlaqəsiz contextual links;
- zəif anchor text;
- prioritet səhifələrin az inlink alması
yoxlanmalıdır.
Məsələn, yeni service page yaradılıb, amma homepage, service listing və əlaqəli bloglardan ona heç bir keçid yoxdursa, həmin səhifə saytın ümumi strukturuna zəif bağlanmış olur.
Burada məqsəd hər məqaləyə eyni sayda internal link yerləşdirmək deyil. Link istifadəçinin oxuduğu mövzu ilə target səhifə arasında real əlaqə yaratmalıdır.
Site architecture audit
Internal linking-dən bir addım yuxarıda saytın ümumi informasiya arxitekturası dayanır.
Sadə xidmət saytı belə qurula bilər:
- Home
- Services
- SEO
- Web Development
- Portfolio
- Blog
- About
- Contact
E-commerce isə daha fərqli ola bilər:
- Home
- Category
- Subcategory
- Product
- Subcategory
Audit zamanı vacib səhifələrin çox dərin struktura düşməməsinə və navigation-un istifadəçi üçün məntiqli olmasına baxılır.
Saytın texniki strukturu development mərhələsində düzgün planlanmadıqda sonradan URL, navigation və internal linking problemləri bir-birini artırır. Buna görə SEO audit ilə frontend audit bəzi nöqtələrdə bir-birindən ayrılmır.
Core Web Vitals və səhifə performansı
SEO audit zamanı performans da yoxlanmalıdır, amma PageSpeed balını SEO-nun özü kimi qəbul etmək düzgün deyil.
Core Web Vitals hazırda üç əsas istifadəçi təcrübəsi göstəricisindən ibarətdir:
- LCP — Largest Contentful Paint
- INP — Interaction to Next Paint
- CLS — Cumulative Layout Shift
Google Search Console-un Core Web Vitals report-u real istifadəçi datasına əsaslanan qruplaşdırılmış məlumat təqdim edə bilər. Problemli səhifələri tapdıqdan sonra PageSpeed Insights və Chrome DevTools kimi alətlərlə konkret səbəbləri araşdırmaq mümkündür.
Praktik problemlər çox vaxt bunlardan yaranır:
- həddindən artıq böyük hero image;
- optimallaşdırılmamış şəkillər;
- render-blocking resurslar;
- lazımsız JavaScript;
- ağır third-party script-lər;
- layout shift;
- zəif server response;
- düzgün qurulmayan font və asset loading.
Burada frontend tərəfi birbaşa SEO işinə daxil olur.
Mobil versiya necə yoxlanılır?
Sayt desktop-da yaxşı işləsə də, mobil istifadə təcrübəsi zəif ola bilər.
Audit zamanı real mobil viewport-da bunlara baxmaq faydalıdır:
- mətn oxunur?
- button-lar rahat kliklənir?
- navigation işləyir?
- elementlər ekranın kənarına çıxır?
- popup əsas kontenti bağlayır?
- şəkillər responsive-dir?
- layout shift yaranır?
- əsas content mobil versiyada da mövcuddur?
Mobil audit yalnız responsive CSS yoxlaması deyil. İstifadəçinin səhifədə real tapşırığı yerinə yetirə bilməsi də nəzərə alınmalıdır.
JavaScript saytlarında SEO audit
React, Next.js və digər JavaScript əsaslı layihələrdə audit zamanı yalnız browser-də görünən səhifəyə baxmaq kifayət etməyə bilər.
Yoxlanmalı məsələlər arasında:
- əsas content render olunur?
- title və meta məlumatlar düzgün çıxır?
- internal linklər crawl edilə bilir?
- status code doğrudur?
- client-side routing yanlış soft 404 yaratmır?
- canonical düzgün render olunur?
- structured data HTML-də görünür?
- səhifə JavaScript error səbəbindən qırılmır?
var.
Frontend developer üçün səhifənin işləməsi ilə Google üçün səhifənin düzgün təqdim olunması eyni yoxlama deyil.
Məsələn, istifadəçi custom JavaScript navigation vasitəsilə səhifəyə keçə bilər, amma crawler üçün normal crawlable link yaradılmayıbsa discovery zəifləyə bilər.
SEO + frontend yanaşmasının əsas üstünlüklərindən biri audit zamanı problemin yalnız SEO tool-da görünən nəticəsinə deyil, kod və render səviyyəsində səbəbinə də baxmaqdır.
Structured data audit
Saytda schema markup istifadə olunursa onun düzgün qurulması ayrıca yoxlanmalıdır.
Bunun üçün Google Rich Results Test və Schema Markup Validator kimi vasitələrdən istifadə etmək mümkündür.
Audit zamanı:
- syntax error varmı;
- tələb olunan property-lər düzgündür?
- schema səhifədəki real kontentlə uyğundur?
- yanlış schema type istifadə olunub?
- markup istifadəçiyə görünməyən məlumat iddia edir?
- eyni entity bir neçə fərqli formada yaradılıb?
kimi məsələlərə baxmaq lazımdır.
Structured data əlavə etmək avtomatik rich result zəmanəti vermir. Google uyğun markup olsa belə rich result göstərməyə bilər.
Google Search Console audit zamanı necə istifadə olunur?
Crawler bizə saytın texniki strukturunu göstərir, Google Search Console isə Google-un sayt haqqında topladığı real məlumatları görməyə imkan verir.
Audit zamanı əsasən bunlara baxmaq faydalıdır:
- Performance;
- Page Indexing;
- Sitemaps;
- Core Web Vitals;
- Enhancements;
- Manual Actions;
- Security Issues;
- URL Inspection.
Performance report-da click, impression, query, page, country və device məlumatlarını müqayisə etmək mümkündür.
Məsələn, son 3 ay əvvəlki 3 ayla müqayisə edilə bilər. Əgər klik düşüb, amma impression eyni qalıbsa, problem ranking-dən fərqli ola bilər. Əgər həm impression, həm click kəskin azalıbsa, hansı səhifə və query-lərin dəyişdiyini ayrıca analiz etmək lazımdır.
Yəni audit yalnız crawl nəticəsinə deyil, real search performansına da baxmalıdır.
SEO audit-də backlink yoxlanmalıdır?
Bəli, xüsusilə sayt uzun müddətdir fəaliyyət göstərirsə backlink profilinin ümumi vəziyyətinə baxmaq faydalıdır.
Burada məqsəd bütün aşağı DR linkləri “toxic” elan etmək deyil.
Audit zamanı:
- referring domains;
- ən çox link alan səhifələr;
- anchor distribution;
- yeni və itirilmiş linklər;
- əlaqəsiz və şübhəli pattern-lər;
- broken backlink-lər;
- rəqiblərlə link gap
kimi off-page seo məlumatları yoxlanıla bilər.
Third-party alətlərin spam və toxicity score-ları başlanğıc siqnal ola bilər, amma onları avtomatik qərar kimi istifadə etmək düzgün deyil.
SEO audit zamanı rəqiblərə baxmaq lazımdır?
SEO audit yalnız öz saytımızın səhvlərini tapmaq deyil. Bəzən sayt texniki baxımdan sağlamdır, amma rəqiblərlə müqayisədə content coverage zəifdir.
Bu halda competitor analysis əlavə kontekst verir.
Məsələn:
- rəqiblərin hansı landing page-ləri var;
- hansı topic cluster-ları əhatə edirlər;
- hansı keyword-lərdə görünürlər;
- onların sayt strukturu necə qurulub;
- hansı səhifələr daha çox backlink alır.
Bununla belə, rəqibdə olan hər səhifəni kopyalamaq lazım deyil. Audit nəticəsi biznesin real xidmətlərinə və search demand-a uyğunlaşdırılmalıdır.
SEO audit-də problemlər necə prioritetləşdirilir?
Audit-in ən vacib hissəsi məhz budur.
200 sətrlik Excel faylı hazırlayıb bütün problemləri “High” yazmaq praktiki deyil. Developer və content komandası hansı işdən başlamalı olduğunu bilməlidir.
Sadə prioritet sistemi istifadə etmək olar:
Critical
Saytın və ya əsas səhifələrin crawl/index imkanına ciddi maneə yaradan problemlər.
Məsələn:
- bütün sayt noindex;
- vacib bölmə robots.txt ilə bloklanıb;
- əsas səhifələr 5xx qaytarır;
- səhv canonical əsas səhifələri başqa URL-ə yönləndirir.
High
Organic performansa ciddi təsir edə biləcək, amma bütün saytı bloklamayan problemlər.
Məsələn:
- əsas landing page 404;
- böyük sayda broken internal link;
- əsas category-lərdə səhv H1 və metadata;
- ciddi mobile usability problemi.
Medium
Vacib optimizasiya imkanıdır, amma dərhal kritik təsir yaratmır.
Məsələn:
- zəif internal linking;
- duplicate metadata;
- optimallaşdırılmamış image-lər;
- zəif content structure.
Low
Təmizləmə və təkmilləşdirmə xarakterli məsələlər.
Məsələn:
- bəzi alt text çatışmazlıqları;
- kiçik heading uyğunsuzluğu;
- az əhəmiyyətli redirect cleanup.
Prioritet yalnız severity ilə müəyyən edilməməlidir. Impact + effort + business importance birlikdə nəzərə alınmalıdır.
SEO audit üçün praktik checklist
Audit zamanı aşağıdakı əsas checklist-dən istifadə etmək olar:
Crawling və indexing
- robots.txt düzgündür?
- XML sitemap işləyir?
- vacib səhifələr indexable-dır?
- lazımsız səhifələr indexlənir?
- canonical-lar düzgündür?
- orphan page varmı?
Technical SEO
- 4xx və 5xx problemləri varmı?
- redirect chain varmı?
- HTTPS normal işləyir?
- URL strukturu düzgündür?
- mobile layout problemsizdir?
- Core Web Vitals vəziyyəti necədir?
- JavaScript render problemləri varmı?
On-page
- title-lar unikaldır?
- description-lar düzgündür?
- H1 real mövzunu göstərir?
- H2-H3 strukturu məntiqlidir?
- search intent qarşılanır?
- image alt text-ləri uyğundur?
Internal linking
- vacib səhifələr inlink alır?
- broken internal links varmı?
- redirect URL-lərə link qalır?
- anchor text təbiidir?
- orphan səhifələr varmı?
Kontent
- duplicate və overlap varmı?
- köhnəlmiş məlumat varmı?
- thin və ya faydasız səhifələr varmı?
- topic gap varmı?
- səhifə biznesin real təklifini düzgün göstərir?
Search Console
- click və impression trendi necədir?
- hansı query-lər düşüb?
- hansı səhifələr trafik itirib?
- indexation problemləri artıb?
- manual action varmı?
- Core Web Vitals problemləri varmı?
Bu checklist bütün saytlar üçün son siyahı deyil. Saytın platformasına, ölçüsünə və biznes modelinə görə audit genişləndirilə bilər.
SEO audit üçün hansı alətlərdən istifadə olunur?
Bir alət bütün auditi həll etmir. Müxtəlif alətlər müxtəlif problemləri göstərir.
Praktik audit üçün bunlardan istifadə etmək olar:
- Google Search Console — Google search performance və indexation;
- Google Analytics — istifadəçi və traffic məlumatları;
- Screaming Frog — crawl və technical/on-page struktur;
- PageSpeed Insights — performance və Core Web Vitals;
- Chrome DevTools — frontend və network debugging;
- Rich Results Test — structured data;
- Ahrefs / Semrush — keyword, backlink və competitor analysis.
Əsas məsələ mümkün qədər çox alət istifadə etmək deyil. Eyni problemi müxtəlif data mənbələri ilə düzgün interpretasiya etməkdir.
SEO audit hesabatı necə hazırlanmalıdır?
Yaxşı audit hesabatında problem sadəcə göstərilməməlidir. Həll yolu da aydın olmalıdır.
Zəif task:
“Canonical problem var.”
Daha praktik task:
Problem: /product-a?sort=price self-canonical göstərir.
Expected: əsas /product-a URL-i canonical olmalıdır.
Priority: High.
Action: parameter variantlarında canonical əsas məhsul URL-inə dəyişdirilməlidir.
Belə yazıldıqda developer nəyi dəyişməli olduğunu anlayır.
Audit sheet-də aşağıdakı sütunlardan istifadə etmək mümkündür:
- Issue;
- URL;
- Category;
- Priority;
- Recommended Action;
- Status;
- Notes.
Böyük layihədə əlavə olaraq assignee, deadline və validation sütunları da istifadə oluna bilər.
Audit bitəndən sonra nə etmək lazımdır?
Audit sənədinin hazırlanması işin sonu deyil. Əsas iş bundan sonra başlayır.
Proses belə davam edə bilər:
- Problemlər prioritetləşdirilir.
- Technical, content və development task-larına ayrılır.
- Critical və High problemlər həll edilir.
- Dəyişikliklər test olunur.
- Sayt yenidən crawl edilir.
- Search Console monitorinq olunur.
- Qalan Medium və Low işlər mərhələli tamamlanır.
- Nəticələr əvvəlki baseline ilə müqayisə edilir.
Məsələn, canonical problemi düzəldilibsə yalnız developer-in “hazırdır” deməsi kifayət deyil. Səhifənin source/render vəziyyətini və crawler nəticəsini yenidən yoxlamaq lazımdır.
Bu, SEO işini sadəcə recommendation verməkdən real tətbiq və QA prosesinə çevirir.
Real layihədə SEO audit necə görünür?
Auditin real layihədə necə istifadə olunduğunu göstərmək üçün Casa D’Arte nümunəsinə baxmaq olar. Layihədə indekslənmə vəziyyəti, noindex səhifələr, hreflang, canonical tag-lər, 4xx error-lar və heading strukturu analiz olunub; daha sonra Search Console, sitemap, metadata və çoxdilli struktur üzərində iş aparılıb.
Burada vacib məqam auditin ayrıca PDF hazırlayıb bağlanmamasıdır. Aşkarlanan problemlər real texniki və on-page dəyişikliklərə çevrilib. Portfolio-da göstərilən nəticələrə əsasən həmin layihədə Ahrefs Site Health göstəricisi 60%-dən 100%-ə yüksəlib; organic click və search visibility artımları da ayrıca qeyd olunub.
Bu nümunə SEO ilə frontend işinin niyə bəzi layihələrdə birlikdə aparılmasının faydalı olduğunu göstərir: problem crawler hesabatında tapılır, amma həlli çox vaxt template, HTML, WordPress, JavaScript və ya server konfiqurasiyası səviyyəsində olur.
SEO audit zamanı ən çox edilən səhvlər
Tool-dakı bütün warning-ləri problem hesab etmək
SEO alətləri mümkün problemləri göstərir. Hər warning eyni dərəcədə vacib deyil. Audit mütəxəssisinin işi onları interpretasiya etməkdir.
Bütün problemləri Critical yazmaq
Prioritet yoxdursa audit icra planına çevrilmir. Komanda nədən başlamalı olduğunu bilməlidir.
Yalnız technical SEO yoxlamaq
Indexation və crawl vacibdir, amma səhifə search intent-i qarşılamırsa texniki sağlamlıq təkbaşına kifayət etmir.
Yalnız homepage-i yoxlamaq
Əsas trafik çox vaxt category, service, product və blog səhifələrindən gəlir. Audit saytın template və page type-larını əhatə etməlidir.
Search Console datasına baxmamaq
Crawler saytın strukturunu göstərir, amma real Google performance datasını göstərmir. İkisini birlikdə analiz etmək daha sağlamdır.
Düzəlişdən sonra QA etməmək
Task “Done” olduqdan sonra dəyişiklik yenidən yoxlanmalıdır. Bəzən bir problemi düzəldərkən başqa template problemi yaranır.
SEO audit-i birdəfəlik iş hesab etmək
Sayta yeni səhifələr, plugin-lər, theme update-ləri və frontend dəyişiklikləri əlavə olunduqca yeni problemlər yarana bilər. Audit müəyyən aralıqlarla yenilənməlidir.
SEO audit nə qədər tez-tez edilməlidir?
Bunun üçün bütün saytlar üzrə eyni interval yoxdur.
Kiçik və nadir dəyişən corporate sayt daha az tezliklə geniş audit tələb edə bilər. Hər gün yüzlərlə yeni URL yaradan e-commerce saytı isə daha davamlı monitorinq tələb edir.
Əlavə audit xüsusilə bu hallarda faydalıdır:
- sayt redesign olunub;
- domain dəyişib;
- HTTP-dən HTTPS-ə migration olub;
- CMS dəyişib;
- URL strukturu dəyişib;
- organic traffic kəskin düşüb;
- çoxlu yeni səhifə əlavə olunub;
- Google Search Console-da indexation problemləri artıb.
Yəni audit üçün təqvim qədər saytın dəyişmə sürəti və risk səviyyəsi də vacibdir.
Nəticə
SEO audit nədir sualına qısa cavab versək, SEO audit saytın Google-da görünməsinə mane ola biləcək texniki, on-page, kontent və struktur problemlərinin sistemli şəkildə müəyyən edilməsidir.
Yaxşı audit yüzlərlə error göstərən avtomatik report deyil. Əsas məqsəd problemi tapmaq, onun real təsirini anlamaq, düzgün həll yolunu müəyyən etmək və işi prioritetləşdirməkdir.
Ən sağlam proses audit → prioritet → tətbiq → QA → monitorinq ardıcıllığıdır.
Crawling və indexation kimi kritik problemlər həll edilmədən kiçik metadata dəyişikliklərinə həddindən artıq vaxt ayırmaq effektiv deyil. Eyni zamanda texniki səhvləri düzəldib search intent, kontent və daxili linkləri tam unutmaq da natamam SEO yanaşmasıdır.
Mənim SEO və frontend yanaşmamda da proses əvvəlcə audit və diaqnostikadan başlayır, daha sonra keyword intent, target səhifələr və texniki risklər əsasında prioritetləndirmə aparılır. Bu iş modelinin necə qurulduğunu SEO və texniki iş yanaşmam bölməsində görmək mümkündür.
Xarici mənbələr
- Google Search Central — Google Search Central sənədləri
- Google Search Console Help — Google Search Console sənədləri
- PageSpeed Insights — PageSpeed Insights
- Google Rich Results Test — Rich Results Test
Tez-tez verilən suallar
SEO audit nədir?
SEO audit saytın axtarış sistemlərində görünməsinə təsir edə biləcək texniki, on-page, kontent, struktur və performans problemlərinin sistemli şəkildə yoxlanılmasıdır.
SEO audit necə edilir?
Audit zamanı əvvəlcə sayt crawl edilir və Google Search Console datası yoxlanılır. Daha sonra indexation, robots.txt, sitemap, canonical, status code-lar, metadata, heading strukturu, kontent, internal linking, performans və digər SEO elementləri analiz olunur.
SEO audit üçün hansı alətlərdən istifadə olunur?
Google Search Console, Screaming Frog, PageSpeed Insights, Chrome DevTools, Rich Results Test, Ahrefs və Semrush SEO audit zamanı istifadə edilə bilən əsas alətlərdəndir. Hər alət auditin fərqli hissəsi üçün məlumat verir.
Technical SEO audit nədir?
Technical SEO audit saytın crawling, indexation, robots.txt, sitemap, canonical, redirect, status code, Core Web Vitals, structured data və digər texniki elementlərinin yoxlanılmasıdır.
SEO audit zamanı Google Search Console niyə vacibdir?
Google Search Console Google-un sayt haqqında topladığı real search və indexation məlumatlarını göstərir. Audit zamanı click, impression, query, page indexing, sitemap və Core Web Vitals kimi məlumatları analiz etməyə kömək edir.
SEO audit zamanı 404 səhifələr silinməlidir?
Hər 404 avtomatik problem deyil. Əgər səhifə həqiqətən silinib və uyğun əvəzi yoxdursa 404 normal ola bilər. Problem vacib səhifənin səhvən 404 qaytarması və ya sayt daxilində həmin URL-ə broken linklərin qalmasıdır.
SEO audit nə qədər tez-tez edilməlidir?
Audit tezliyi saytın ölçüsünə və dəyişmə sürətinə görə dəyişir. Redesign, migration, URL dəyişiklikləri, böyük kontent yenilənməsi və ya organic traffic düşüşü kimi hallardan sonra əlavə SEO audit aparmaq faydalıdır.
SEO audit bitdikdən sonra nə edilməlidir?
Problemlər təsir və prioritetə görə sıralanmalı, technical, content və development task-larına çevrilməli, düzəlişlər tətbiq edildikdən sonra yenidən yoxlanmalı və nəticələr Google Search Console kimi mənbələrdən monitorinq edilməlidir.