Google-da hər hansı bir axtarış etdikdə nəticələrdə səhifənin başlığının altında qısa açıqlama görürük. Bu mətn istifadəçiyə səhifəyə daxil olmadan əvvəl orada nə tapacağını anlamağa kömək edir. SEO-da bu hissə ilə əlaqəli əsas elementlərdən biri meta description-dur.
Bəs meta description nədir, necə yazılır və SEO üçün hansı rolu oynayır? Qısa cavab budur: meta description səhifənin məzmununu qısa şəkildə təsvir edən HTML məlumatıdır. Ancaq vacib məqam odur ki, Google axtarış nəticəsində həmişə bizim yazdığımız description-u göstərmir. Bəzi hallarda səhifənin öz məzmunundan istifadəçinin axtarışına daha uyğun hissəni snippet kimi seçə bilər.
Meta description on-page optimizasiyanın bir hissəsidir. Title, heading, kontent, URL və daxili linklərin birlikdə necə işlədiyini daha geniş anlamaq üçün On-page SEO nədir? məqaləsinə də baxa bilərsiniz.
Meta description nədir?
Meta description səhifənin məzmununu qısa formada izah etmək üçün HTML sənədinin head hissəsində yerləşdirilən description məlumatıdır. İstifadəçi bu kodu səhifənin daxilində görmür, amma axtarış sistemləri onu səhifə haqqında əlavə məlumat mənbəyi kimi istifadə edə bilər.
Texniki olaraq belə görünür:
<meta name="description" content="Meta description nədir və necə yazılır? Praktik SEO nümunələri ilə öyrənin.">
Məsələn, “SEO nədir?” mövzusunda bir səhifə üçün description belə ola bilər:
SEO nədir, necə işləyir və sayt üçün niyə vacibdir? On-page, technical və off-page SEO anlayışlarını praktik nümunələrlə öyrənin.
Burada məqsəd mümkün qədər çox keyword yerləşdirmək deyil. Əsas məsələ səhifənin nə haqqında olduğunu qısa və aydın şəkildə ifadə etməkdir.
Meta description Google nəticələrində necə istifadə olunur?
Google axtarış nəticəsində title-ın altında səhifəni izah edən snippet göstərə bilər. Bir çox halda sayt sahibi həmin hissənin məhz yazdığı meta description olacağını düşünür, amma praktiki olaraq bu həmişə belə deyil.
Google snippet-i səhifənin məzmunundan avtomatik yarada və istifadəçinin konkret axtarışına uyğun hissəni seçə bilər. Əgər yazdığınız meta description səhifəni yaxşı təsvir edirsə, Google bəzi sorğularda ondan istifadə edə bilər. Eyni URL-in fərqli keyword-lər üzrə fərqli snippet göstərməsi də normaldır.
Buna görə meta description və search snippet eyni anlayış deyil:
- Meta description — səhifə üçün bizim yazdığımız qısa təsvir.
- Search snippet — Google-un konkret axtarış nəticəsində istifadəçiyə göstərdiyi mətn.
Onlar eyni ola bilər, amma eyni olmaq məcburiyyətində deyil.
Meta description SEO üçün niyə vacibdir?
Meta description-u birbaşa ranking üçün yazılan keyword sahəsi kimi düşünmək düzgün deyil. Onun əsas funksiyası axtarış nəticəsində səhifənin mövzusunu istifadəçiyə aydın şəkildə təqdim etməkdir.
Tutaq ki, istifadəçi “on-page SEO nədir” axtarır və qarşısına iki nəticə çıxır.
Birinci description:
SEO haqqında məlumat və xidmətlər. Ətraflı məlumat üçün saytımıza daxil olun.
İkinci description:
On-page SEO nədir və necə edilir? Meta title, description, heading, URL, internal link və kontent optimizasiyasını praktik şəkildə öyrənin.
İkinci variantın üstünlüyü aydındır. İstifadəçi səhifədə nə tapacağını əvvəlcədən anlayır. Yaxşı description-un məqsədi də budur: istifadəçinin axtarış niyyəti ilə səhifənin məzmunu arasında aydın əlaqə yaratmaq.
SEO-da description tək işləyən element deyil. Title, kontent, daxili linklər və səhifənin texniki vəziyyəti də eyni strategiyanın hissəsidir. Bu əlaqəni SEO nədir? məqaləsində daha geniş izah etmişəm.
Meta description necə yazılır?
Yaxşı meta description yazmaq üçün mürəkkəb formula lazım deyil. Əsas məqsəd səhifənin mövzusunu qısa, konkret və oxunaqlı şəkildə təqdim etməkdir. Bunun üçün bir neçə əsas prinsip kifayətdir:
- səhifənin əsas mövzusunu ilk hissədə aydın göstərin;
- primary keyword-i təbii şəkildə istifadə edin;
- istifadəçiyə səhifədə nə tapacağını konkret deyin;
- title-ı sözbəsöz təkrarlamayın;
- səhifədə olmayan məlumatı description-da vəd etməyin;
- keyword-ləri ardıcıl sıralamaqdan qaçın.
Məsələn, primary keyword meta description nədir olarsa, belə variant normal görünür:
Meta description nədir və necə yazılır? Google nəticələri üçün düzgün struktur, praktik nümunələr və ən çox edilən SEO səhvlərini öyrənin.
Burada keyword təbii istifadə olunur, amma mətn yalnız keyword ətrafında qurulmur. İstifadəçi eyni zamanda məqalədə hansı məlumatları tapacağını da görür.
Meta description neçə simvol olmalıdır?
SEO sahəsində meta description üçün çox vaxt 140–160 simvol aralığı istifadə olunur. Bu, praktik guideline-dır, amma Google-un sərt limiti deyil. Search nəticəsində görünən snippet cihazın ekranına, sorğuya və Google-un seçdiyi mətnə görə dəyişə bilər.
Ona görə description 161 simvol olduqda onu avtomatik SEO problemi kimi qiymətləndirmək düzgün deyil. Daha vacib olan odur ki, əsas fikir mətnin əvvəlində verilsin və description lazımsız sözlərlə uzadılmasın.
Praktik olaraq 140–160 simvol aralığını hədəf seçmək işimizi rahatlaşdırır, çünki bu uzunluqda həm mövzunu izah etmək, həm də description-u yığcam saxlamaq mümkündür.
Meta description və meta title birlikdə necə işləyir?
Meta title və meta description eyni səhifəni təqdim edir, amma fərqli funksiyaları var. Title əsas mövzunu tez göstərir, description isə həmin başlığı tamamlayaraq səhifənin içində nə olduğunu qısa şəkildə izah edir.
Məsələn:
Title:
Meta Description Nədir və Necə Yazılır? SEO Bələdçisi
Description:
Meta description nədir və necə yazılır? Google nəticələri üçün düzgün description strukturu, uzunluğu, nümunələri və SEO səhvlərini öyrənin.
Burada description title-ın eynisini təkrar etmir. Əksinə, istifadəçiyə səhifədə hansı alt mövzuların olduğunu göstərir.
Ən çox edilən səhvlərdən biri title və description-u demək olar ki, eyni yazmaqdır. Belə olduqda description əlavə məlumat vermək əvəzinə title-ı təkrarlayır.
Blog səhifəsi üçün meta description necə yazılır?
Informational bloglarda description istifadəçinin hansı suala cavab tapacağını göstərməlidir. “Ətraflı məlumat üçün oxuyun” kimi ümumi ifadələr əvəzinə məqalənin real məzmununu göstərmək daha faydalıdır.
Məsələn:
Zəif:
JavaScript haqqında hər şey burada. Ətraflı məlumat üçün oxuyun.
Daha yaxşı:
JavaScript nədir, necə işləyir və nə üçün istifadə olunur? Dəyişənlər, function, DOM, event və frontend-də rolunu praktik nümunələrlə öyrənin.
İkinci variant daha konkret olduğu üçün istifadəçi nəticəyə klik etməzdən əvvəl hansı məlumatı alacağını anlayır.
Xidmət səhifəsi üçün meta description necə yazılır?
Service page-də search intent fərqlidir. Burada istifadəçi çox vaxt məlumat toplamaqdan əlavə konkret xidmət axtarır. Buna görə description-da xidmətin nə olduğu və istifadəçiyə hansı faydanı verdiyi aydın görünməlidir.
Məsələn:
Texniki SEO, on-page optimizasiya, keyword research və sayt auditinə əsaslanan SEO xidməti. Saytınızın Google görünürlüyünü gücləndirin.
Bu strukturda həm xidmətin növü, həm əsas istiqamətlər, həm də istifadəçinin əldə edə biləcəyi nəticə göstərilir.
Blog və service page üçün eyni description formulasından istifadə etmək lazım deyil. Search intent dəyişirsə, description da həmin intent-ə uyğun dəyişməlidir.
E-commerce səhifəsində meta description necə yazılır?
E-commerce səhifəsində istifadəçiyə seçim etməyə kömək edən konkret məlumat daha faydalıdır. Məhsul və ya kateqoriya səhifəsində brand, məhsul tipi, seçim imkanı və əsas üstünlüklər qısa şəkildə göstərilə bilər.
Məsələn:
Premium italyan divan kolleksiyalarını kəşf edin. Longhi və digər italyan brendlərinin modellərinə, kataloqlarına və məhsul seçimlərinə baxın.
Burada description sadəcə keyword-lərin siyahısı deyil. İstifadəçi həmin səhifədə hansı məhsulların və hansı seçimlərin olduğunu anlayır.
Böyük e-commerce saytlarında hər məhsul üçün description-u əl ilə yazmaq həmişə real olmur. Belə hallarda description-lar məlumat bazasındakı məhsul xüsusiyyətlərindən avtomatik yaradıla bilər. Əsas şərt odur ki, yaranan mətn səhifəyə uyğun və insan tərəfindən oxunaqlı olsun.
Google meta description-u niyə dəyişir?
Bu, ən çox verilən suallardan biridir. Saytda bir description yazırsınız, amma Google-da tamam başqa mətn görünür. Bu həmişə problem demək deyil.
Google snippet-i konkret query-yə uyğunlaşdırmağa çalışır. Səhifə bir neçə mövzunu əhatə edirsə və istifadəçi həmin mövzulardan birinə aid daha spesifik sorğu yazırsa, Google səhifənin həmin hissəsini snippet kimi göstərə bilər.
Məsələn, geniş bir SEO məqaləsində həm meta description, həm internal linking, həm də heading strukturu haqqında məlumat varsa, Google müxtəlif axtarışlarda həmin səhifədən fərqli hissələri göstərə bilər.
Ona görə meta description-u “Google-a məcburi göstəriləcək mətn” kimi yox, səhifə üçün hazırladığımız əsas təsvir kimi düşünmək daha düzgündür.
Meta description yazarkən ən çox edilən səhvlər
Meta description sadə görünsə də, real saytlarda eyni səhvlərə tez-tez rast gəlinir.
Bütün səhifələrə eyni description yazmaq
Saytda yüzlərlə səhifə olduğu halda hamısında eyni description-un istifadə edilməsi onların fərqli mövzularını ifadə etmir. Əsas və indexable səhifələr mümkün qədər öz məzmununa uyğun description-a sahib olmalıdır.
Google meta description-u niyə dəyişir?
Bu, ən çox verilən suallardan biridir. Saytda bir description yazırsınız, amma Google-da tamam başqa mətn görünür. Bu həmişə problem demək deyil.
Google snippet-i konkret query-yə uyğunlaşdırmağa çalışır. Səhifə bir neçə mövzunu əhatə edirsə və istifadəçi həmin mövzulardan birinə aid daha spesifik sorğu yazırsa, Google səhifənin həmin hissəsini snippet kimi göstərə bilər.
Məsələn, geniş bir SEO məqaləsində həm meta description, həm internal linking, həm də heading strukturu haqqında məlumat varsa, Google müxtəlif axtarışlarda həmin səhifədən fərqli hissələri göstərə bilər.
Ona görə meta description-u “Google-a məcburi göstəriləcək mətn” kimi yox, səhifə üçün hazırladığımız əsas təsvir kimi düşünmək daha düzgündür.
Meta description yazarkən ən çox edilən səhvlər
Meta description sadə görünsə də, real saytlarda eyni səhvlərə tez-tez rast gəlinir.
Bütün səhifələrə eyni description yazmaq
Saytda yüzlərlə səhifə olduğu halda hamısında eyni description-un istifadə edilməsi onların fərqli mövzularını ifadə etmir. Əsas və indexable səhifələr mümkün qədər öz məzmununa uyğun description-a sahib olmalıdır.
Keyword stuffing etmək
Belə description normal görünmür:
SEO, SEO xidməti, SEO Bakı, SEO specialist, SEO optimizasiya, SEO sayt.
Bu, istifadəçi üçün yazılmış cümlə deyil. Daha yaxşı variant keyword-i təbii şəkildə cümlənin içində istifadə etməkdir.
Həddindən artıq ümumi yazmaq
Ətraflı məlumat üçün saytımıza daxil olun.
Bu description istifadəçiyə səhifənin nə haqqında olduğunu demir. Səhifənin mövzusunu konkret göstərmək daha faydalıdır.
Səhifədə olmayan məlumatı vəd etmək
Description-da “20 SEO alətinin müqayisəsi” yazılıbsa, səhifədə həqiqətən həmin müqayisə olmalıdır. Search nəticəsində verilən vədlə kontent arasında fərq istifadəçinin gözləntisini poza bilər.
Title-ı olduğu kimi təkrarlamaq
Title və description bir-birini tamamlamalıdır. Eyni cümləni iki dəfə göstərməyin istifadəçi üçün əlavə faydası yoxdur.
Meta description real SEO layihəsində necə optimizasiya olunur?
Real layihədə description yazmağa başlamazdan əvvəl səhifələrin hansı məqsədə xidmət etdiyi müəyyənləşdirilməlidir. Homepage, service page, category, product, blog və portfolio səhifələrinin search intent-i eyni deyil. Buna görə onların meta strukturu da fərqli yanaşma tələb edir.
Məsələn:
- Homepage: brand və əsas xidmət təklifi;
- Service page: xidmət və istifadəçinin ehtiyacı;
- Category page: kateqoriyada hansı seçimlərin olduğu;
- Product page: konkret məhsulun əsas xüsusiyyətləri;
- Blog: istifadəçinin hansı suala cavab tapacağı;
- Portfolio: layihənin növü və görülmüş iş.
Sonra title, H1, description və səhifə məzmununun eyni mövzunu dəstəkləyib-dəstəkləmədiyi yoxlanılır.
Bunun real nümunəsini Casa D’Arte SEO case study səhifəsində görə bilərsiniz. Həmin layihədə Meta Title və Meta Description strukturları digər on-page və technical SEO işləri ilə birlikdə yenilənib. Bu da göstərir ki, meta description optimizasiyasını saytın qalan SEO problemlərindən ayrı düşünmək düzgün deyil.
Sayt hazırlanarkən meta description nə vaxt düşünülməlidir?
Meta description sayt tam hazır olduqdan sonra əlavə ediləcək son detal kimi görülməməlidir. Əgər layihənin səhifə strukturu əvvəlcədən planlanırsa, hər səhifənin search intent-i, title-ı, H1-i və description-u da həmin planın bir hissəsi olmalıdır.
Məsələn, xidmət səhifəsi yaradılırsa, əvvəlcə həmin səhifənin hansı keyword və istifadəçi ehtiyacını hədəflədiyi müəyyən edilməlidir. Sonra title və description həmin məzmunu dəstəkləməlidir.
Bu yanaşma xüsusilə yeni sayt hazırlanarkən vacibdir. Planlama, development, SEO və yayımlama mərhələlərinin bir-biri ilə necə əlaqəli olduğunu saytların hazırlanması mərhələləri məqaləsində daha geniş izah etmişəm.
Meta description üçün praktik checklist
Yeni səhifə yayımlayanda description-u yoxlamaq üçün bu siyahı kifayətdir:
- Səhifənin əsas mövzusu aydın görünürmü?
- Description səhifənin real məzmununu təsvir edirmi?
- Primary keyword təbii istifadə olunubmu?
- İstifadəçi səhifədə nə tapacağını anlayırmı?
- Digər səhifələrin description-larından fərqlənirmi?
- Keyword stuffing varmı?
- Title-ı sadəcə təkrar edirmi?
- Əsas fikir description-un əvvəlində görünürmü?
- Search intent ilə uyğun gəlirmi?
- Lazımsız ümumi və reklam xarakterli sözlər varmı?
Bu checklist-i hər səhifədə istifadə etmək meta description yazma prosesini daha sistemli edir.
Nəticə
Meta description nədir sualına qısa cavab versək, meta description səhifənin məzmununu qısa formada təsvir edən HTML məlumatıdır. Google bəzi hallarda onu search snippet yaratmaq üçün istifadə edə bilər, amma nəticədə həmişə bizim yazdığımız description-un göstərilməsi zəmanətli deyil.
Yaxşı meta description səhifəyə uyğun, konkret və oxunaqlı olmalıdır. Primary keyword təbii şəkildə istifadə edilə bilər, amma description-u keyword siyahısına çevirmək lazım deyil. 140–160 simvol praktik hədəf kimi faydalıdır, lakin bunu sərt Google limiti kimi qəbul etmək düzgün deyil.
Əsas məqsəd sadədir: istifadəçi Google nəticəsində description-u oxuduqda həmin səhifədə nə tapacağını başa düşməlidir. Meta məlumatları isə ayrıca yox, title, heading, kontent, internal linking və digər on-page elementlərlə birlikdə optimizasiya etmək daha düzgün yanaşmadır.
Tez-tez verilən suallar
Meta description nədir?
Meta description səhifənin məzmununu qısa şəkildə təsvir etmək üçün HTML-də istifadə olunan description məlumatıdır. Google bəzi hallarda onu axtarış nəticəsində snippet yaratmaq üçün istifadə edə bilər.
Meta description SEO üçün vacibdirmi?
Meta description səhifənin mövzusunu istifadəçiyə aydın şəkildə təqdim etməyə kömək edir. Onu keyword sahəsi kimi yox, səhifənin məzmununu qısa və konkret izah edən təsvir kimi hazırlamaq daha düzgündür.
Meta description neçə simvol olmalıdır?
140-160 simvol praktik SEO hədəfi kimi istifadə edilə bilər, amma Google-un sərt meta description limiti yoxdur. Search snippet cihaz və axtarış sorğusuna görə fərqli uzunluqda görünə bilər.
Google meta description-u dəyişə bilər?
Bəli. Google snippet-i səhifənin məzmunundan avtomatik yarada və istifadəçinin axtarış sorğusuna daha uyğun hesab etdiyi hissəni göstərə bilər.
Hər səhifənin meta description-u fərqli olmalıdır?
Əsas və indexable səhifələr üçün onların öz məzmununu və məqsədini təsvir edən unikal meta description hazırlamaq daha düzgündür.
Meta description-da keyword istifadə etmək lazımdır?
Primary keyword description daxilində təbii şəkildə istifadə oluna bilər. Ancaq eyni və oxşar keyword-ləri ardıcıl sıralamaq və keyword stuffing etmək lazım deyil.
Meta title və meta description arasındakı fərq nədir?
Meta title səhifənin əsas başlığını təqdim edir, meta description isə həmin səhifənin məzmununu qısa şəkildə izah edir. Search nəticəsində bu iki element bir-birini tamamlayır.