Technical SEO nədir və necə edilir?

Technical SEO nədir və necə edilir?

SEO üçün keyfiyyətli kontent hazırlamaq vacibdir, amma saytın texniki strukturu düzgün qurulmayıbsa, həmin kontentin Google tərəfindən tapılması və indexlənməsi çətinləşə bilər. Səhifədə düzgün H1, yaxşı mətn və uyğun keyword-lər ola bilər, amma Googlebot həmin URL-ə daxil ola bilmirsə və ya səhifədə yanlış canonical, noindex və server problemi varsa, məsələ artıq kontentdən çox texniki tərəflə bağlıdır.

Bəs technical SEO nədir və real saytda hansı problemləri həll edir? Technical SEO saytın crawling, indexing, rendering, performans və ümumi texniki strukturunun axtarış sistemləri üçün əlçatan və anlaşılan formada qurulmasıdır. Robots.txt, XML sitemap, canonical tag, HTTP status kodları, redirect-lər, sayt sürəti, Core Web Vitals və JavaScript rendering kimi mövzular bu sahənin əsas hissələridir.

Technical SEO ayrıca bir SEO növü kimi görünsə də, əslində ümumi strategiyanın bir hissəsidir. SEO-nun əsas istiqamətləri birlikdə işlədikdə on-page, technical və off-page tərəflər bir-birini tamamlayır.

Technical SEO nədir?

Technical SEO saytın texniki infrastrukturunun axtarış sistemlərinin səhifələri rahat tapması, crawl etməsi, render etməsi və indexləməsi üçün optimizasiya edilməsidir. Məqsəd yalnız Googlebot üçün sayt hazırlamaq deyil. Düzgün texniki struktur həm crawler-lərin işini asanlaşdırır, həm də istifadəçi üçün daha stabil və sürətli sayt yaradır.

Google-un texniki tələblərinə görə səhifənin Google Search üçün uyğun olması üçün Googlebot-un səhifəyə daxil ola bilməsi, URL-in işlək HTTP status qaytarması və indexlənə bilən məzmun təqdim etməsi əsas şərtlərdəndir. Bu şərtlərin yerinə yetirilməsi isə səhifənin avtomatik olaraq indexlənəcəyinə zəmanət vermir.

Məsələn, yeni xidmət səhifəsi hazırlanıb. Kontent düzgündür, title və description əlavə olunub, səhifəyə daxili link də verilib. Amma development zamanı əlavə olunan noindex production-da qalıbsa, həmin URL üçün kontenti yenidən yazmaq problemi həll etməyəcək. Əvvəlcə texniki səbəbi aradan qaldırmaq lazımdır.

Technical SEO ilə On-page SEO arasında fərq nədir?

Technical SEO və on-page SEO eyni məqsədə — saytın axtarış nəticələrində daha yaxşı işləməsinə — xidmət edir, amma fokuslandıqları problemlər fərqlidir.

On-page SEO daha çox səhifənin öz məzmunu və strukturu ilə bağlıdır. Primary keyword, search intent, title, meta description, H1-H3 strukturu, URL, kontent, şəkil alt text-ləri və internal linking bu sahəyə daxildir. Technical SEO isə crawler və sayt infrastrukturu tərəfində olan problemlərə fokuslanır.

Məsələn:

  • H1 səhifənin mövzusuna uyğun deyil — On-page SEO
  • Səhifədə yanlış noindex var — Technical SEO
  • Kontent search intent-i ödəmir — On-page SEO
  • URL 500 server xətası qaytarır — Technical SEO
  • Səhifə çox yavaş açılır — Technical SEO / performans
  • Daxili link strukturu zəifdir — On-page SEO və sayt arxitekturası

Bu iki istiqaməti tam ayırmaq da həmişə mümkün deyil. Məsələn, internal linking həm istifadəçini əlaqəli məzmuna yönləndirir, həm də crawler-lərin sayt daxilində URL-ləri tapmasına kömək edir. Sayt daxilində title, heading, kontent və daxili linklərin necə optimizasiya olunduğunu on-page SEO optimizasiyası mövzusunda daha detallı izah etmişəm.

Google səhifəni necə tapır və indexləyir?

Technical SEO-nun məntiqini başa düşmək üçün Google-un səhifələrlə necə işlədiyini bilmək lazımdır. Prosesi sadələşdirilmiş formada üç mərhələyə bölmək olar:

  1. Crawling — Google URL-i tapır və səhifəyə daxil olmağa çalışır.
  2. Indexing — səhifənin məzmunu, canonical və digər siqnallar analiz olunur.
  3. Serving — uyğun axtarış zamanı index-dəki səhifələr arasından nəticələr seçilir.

Yeni URL-lər daxili və xarici linklər, sitemap və digər kəşf yolları vasitəsilə tapıla bilər. Google səhifəni crawl etdikdən sonra məzmunu analiz edir və lazım olduqda JavaScript-i render edir.

Bu səbəbdən saytda URL-in mövcud olması onun Google-da avtomatik görünəcəyi demək deyil. Google əvvəlcə həmin URL-i tapmalı, səhifəyə daxil ola bilməli, məzmunu emal etməli və index üçün uyğun hesab etməlidir.

Crawlability nədir?

Crawlability axtarış sistemi botlarının saytın səhifələrinə daxil olub onları oxuya bilməsini ifadə edir. Vacib səhifə crawler üçün əlçatmazdırsa, onun SEO potensialından istifadə etmək çətinləşir.

Crawl problemlərinin əsas səbəblərindən bəziləri bunlardır:

  • səhv robots.txt qaydaları;
  • qırıq daxili linklər;
  • login arxasında qalan vacib səhifələr;
  • server problemləri;
  • yanlış redirect-lər;
  • vacib resursların bloklanması;
  • düzgün qurulmayan JavaScript linkləri.

Məsələn, saytın əsas service page-i yalnız JavaScript event vasitəsilə açılırsa və real crawl edilə bilən link strukturu yoxdursa, crawler üçün həmin keçidin kəşfi problem yarada bilər.

Indexing nədir?

Crawling və indexing eyni şey deyil. Google-un səhifəyə daxil olması həmin URL-in mütləq indexə əlavə ediləcəyi demək deyil.

Indexing mərhələsində Google səhifənin əsas məzmununu, title və digər elementlərini analiz edir. Eyni zamanda URL-in başqa səhifənin duplicate versiyası olub-olmaması və hansı URL-in canonical hesab edilməli olduğu kimi məsələlər də qiymətləndirilir.

Səhifə index almırsa, ilk növbədə aşağıdakı suallar yoxlanmalıdır:

  • Google URL-i kəşf edibmi?
  • Googlebot səhifəyə daxil ola bilirmi?
  • URL 200 status qaytarırmı?
  • səhifədə noindex varmı?
  • canonical başqa URL-i göstərirmi?
  • səhifə duplicate hesab olunurmu?
  • səhifəyə sayt daxilindən link gəlirmi?
  • əsas məzmun render olunurmu?

Burada vacib prinsip problemin səbəbini tapmadan təsadüfi dəyişiklik etməməkdir. Səhifə indexlənmirsə, hər dəfə kontentə 300 söz əlavə etmək və ya indexing request göndərmək həll deyil.

Robots.txt nədir?

robots.txt crawler-lərə saytın hansı hissələrini crawl edib-etməmələri barədə qaydalar vermək üçün istifadə olunur.

Sadə nümunə:

User-agent: *

Disallow: /admin/

Bu qayda crawler-lərə /admin/ hissəsinə daxil olmamağı bildirir.

Burada tez-tez qarışdırılan bir məsələ var: robots.txt indexlənməni idarə etmək üçün əsas vasitə deyil. Robots.txt crawling-i məhdudlaşdırır. Səhifənin Google nəticələrində görünməsini bloklamaq üçün isə uyğun hallarda noindex istifadə olunur.

Development və staging saytlarında robots qaydalarının production-a keçməsi real layihələrdə ciddi problem yarada bilər. Buna görə yeni sayt yayımlandıqda robots.txt faylını ayrıca yoxlamaq vacibdir.

XML sitemap nədir?

XML sitemap axtarış sistemlərinə saytın vacib URL-ləri haqqında məlumat verən fayldır. Xüsusilə yeni sayt, böyük sayt və ya daxili strukturunda bəzi səhifələrin tapılması çətin olan layihələrdə URL discovery üçün faydalıdır.

Sitemap daxilində əsasən indexlənməsini istədiyimiz canonical URL-lərin olması daha təmiz yanaşmadır. Məsələn, aşağıdakı URL-ləri sitemap-da saxlamağın mənası azdır:

  • 404 səhifələr;
  • redirect olunan URL-lər;
  • noindex səhifələr;
  • lazımsız parametr URL-ləri;
  • duplicate səhifələr.

Sitemap-a səhifənin əlavə edilməsi onun indexlənəcəyinə və ya rank alacağına zəmanət vermir. Sitemap Google üçün URL discovery siqnalıdır, ranking mexanizmi deyil.

Canonical tag nədir?

Saytda eyni və ya çox oxşar məzmun müxtəlif URL-lər vasitəsilə açılırsa, hansı URL-in əsas versiya olduğunu göstərmək lazım gələ bilər. Bu zaman canonical istifadə olunur.

Məsələn:

example.com/shoes

example.com/shoes?sort=price

example.com/shoes?color=black

Əgər bu URL-lər eyni əsas kateqoriyanın fərqli parametr versiyalarıdırsa, canonical strategiyası duplicate URL-lərin idarə edilməsinə kömək edə bilər.

Canonical tag belə görünür:

<link rel="canonical" href="https://example.com/shoes">

Amma canonical-ı sərt əmr kimi qəbul etmək düzgün deyil. Google canonical seçimində bir neçə siqnaldan istifadə edir və sayt sahibinin göstərdiyi URL-dən fərqli canonical seçə bilər.

Əsas problemlərdən biri siqnalların bir-birinə zidd olmasıdır. Məsələn, sitemap bir URL-i göstərir, canonical başqa URL-ə gedir, daxili linklər isə üçüncü versiyaya yönəlir. Belə struktur technical SEO baxımından lazımsız qarışıqlıq yaradır.

HTTP status kodları SEO üçün niyə vacibdir?

Crawler səhifəyə sorğu göndərdikdə server HTTP status kodu qaytarır. Technical SEO audit zamanı bu kodlar URL-in real vəziyyəti haqqında vacib məlumat verir.

Ən çox qarşılaşdığımız statuslar:

  • 200 — səhifə normal açılır;
  • 301 — daimi redirect;
  • 302 — müvəqqəti redirect;
  • 404 — səhifə tapılmır;
  • 410 — resurs artıq mövcud deyil;
  • 5xx — server tərəfli xəta.

Index üçün nəzərdə tutulmuş normal səhifənin işlək 200 status qaytarması vacibdir. Əgər əsas məhsul və ya xidmət səhifəsi 500 xətası verirsə, həmin səhifənin title və kontent optimizasiyasına keçməzdən əvvəl server problemini həll etmək lazımdır.

Redirect-lər necə istifadə olunmalıdır?

Redirect köhnə URL-dən istifadəçini və crawler-i başqa URL-ə yönləndirir. Daimi URL dəyişikliklərində əsasən 301, müvəqqəti hallarda isə 302 istifadə olunur.

Məsələn, köhnə URL:

/old-seo-service

yeni URL:

/seo-service

ilə əvəz olunubsa və iki səhifənin məqsədi eynidirsə, köhnə URL-dən yeni URL-ə redirect qurmaq məntiqlidir.

Amma bütün 404 səhifələri homepage-ə yönləndirmək düzgün həll deyil. Redirect yalnız köhnə səhifənin həqiqətən uyğun yeni alternativi varsa istifadə olunmalıdır.

Sayt sürəti Technical SEO-nun bir hissəsidirmi?

Bəli. Sayt performansı technical SEO və istifadəçi təcrübəsinin kəsişdiyi əsas sahələrdəndir. Amma məqsəd yalnız PageSpeed Insights daxilində yaşıl rəqəm görmək olmamalıdır.

Saytı yavaşladan səbəblər müxtəlif ola bilər:

  • böyük və optimizasiya olunmamış şəkillər;
  • lazımsız JavaScript;
  • render-blocking CSS və script-lər;
  • zəif server response time;
  • üçüncü tərəf script-ləri;
  • düzgün qurulmayan font loading;
  • caching problemləri;
  • həddindən artıq böyük DOM.

Burada frontend və SEO birlikdə işləyir. Məsələn, audit “LCP zəifdir” deyə bilər, amma real həll həmin səhifədəki hero image-in ölçüsünü, preload strategiyasını və ya render prosesini dəyişməyi tələb edə bilər.

Məhz buna görə SEO-friendly veb sayt optimizasiyası zamanı yalnız metadata yox, mobil uyğunluq, performans və frontend strukturu da birlikdə nəzərə alınmalıdır.

Core Web Vitals nədir?

Core Web Vitals real istifadəçi təcrübəsinin əsas aspektlərini ölçən metriklərdir. Hazırda əsas üç göstərici bunlardır:

  • LCP — Largest Contentful Paint: əsas böyük məzmunun nə qədər tez render olunduğunu ölçür.
  • INP — Interaction to Next Paint: səhifənin istifadəçi interaction-larına nə qədər tez cavab verdiyini göstərir.
  • CLS — Cumulative Layout Shift: səhifədə gözlənilməz vizual sürüşmələri ölçür.

Google-un tövsiyə etdiyi yaxşı nəticələr LCP üçün 2.5 saniyə və ya daha aşağı, INP üçün 200 ms və ya daha aşağı, CLS üçün isə 0.1 və ya daha aşağıdır.

Amma Core Web Vitals nəticələrini SEO-nun özü kimi qəbul etmək düzgün deyil. Sayt çox sürətli ola bilər, amma vacib səhifələr noindex ola və ya zəif kontentə sahib ola bilər. Technical SEO problemləri prioritetinə və real təsirinə görə qiymətləndirilməlidir.

JavaScript Technical SEO-ya necə təsir edir?

Müasir saytların böyük hissəsində JavaScript istifadə olunur. React, Next.js və digər frontend texnologiyalarında bu məsələ daha da vacib olur. JavaScript özü SEO problemi deyil, amma əsas məzmunun və linklərin necə render edilməsi önəmlidir.

Google JavaScript-i render edə bilir, lakin sayt hazırlayarkən title, canonical, əsas məzmun, linklər və digər SEO elementlərinin crawler üçün əlçatan qalması təmin edilməlidir.

Məsələn, əsas məhsul məlumatı yalnız istifadəçi klik etdikdən sonra API-dən gəlirsə və ilkin render-də heç bir məzmun yoxdursa, həmin struktur ayrıca analiz edilməlidir. Eyni şəkildə, navigation elementlərinin real <a href> linkləri əvəzinə yalnız JavaScript event-ləri ilə qurulması crawling baxımından ideal yanaşma olmaya bilər.

Bu texniki tərəfi anlamaq üçün JavaScript-in frontend-də necə işlədiyini bilmək də faydalıdır, çünki rendering və interaktivlik problemlərinin bir hissəsi birbaşa frontend implementation-dan yaranır.

Technical SEO audit necə edilir?

Technical SEO audit sadəcə alətdə görünən bütün warning-ləri export etmək deyil. Əsas məqsəd saytın crawling, indexing və istifadəçi təcrübəsinə real təsir edən problemləri tapmaq və düzgün prioritetləşdirməkdir.

Praktik audit ardıcıllığını belə qurmaq olar:

  1. Index statusunu yoxlayın. Vacib URL-lərin Google-da index olub-olmadığını Search Console vasitəsilə analiz edin.
  2. Crawlability-ni analiz edin. Robots.txt, daxili linklər və crawler access problemlərini yoxlayın.
  3. Status kodlarını yoxlayın. 404, 5xx və lazımsız redirect chain-ləri müəyyən edin.
  4. Canonical strukturu analiz edin. Canonical-ların səhifələrin real məqsədi ilə uyğun olub-olmadığını yoxlayın.
  5. XML sitemap-ı yoxlayın. Sitemap-da yalnız uyğun və index üçün nəzərdə tutulan URL-ləri saxlayın.
  6. Sayt performansını ölçün. Core Web Vitals və əsas frontend bottleneck-lərini müəyyənləşdirin.
  7. JavaScript rendering-i yoxlayın. Vacib kontent və linklərin render edildiyinə əmin olun.
  8. Internal linking strukturunu analiz edin. Vacib səhifələrin orphan qalmamasını yoxlayın.
  9. Mobil versiyanı test edin. Navigation, layout və interaktiv elementlər müxtəlif ekranlarda düzgün işləməlidir.
  10. Problemləri prioritetləşdirin. Critical indexing problemi ilə kiçik metadata warning-i eyni səviyyədə olmamalıdır.

Bu ardıcıllığın üstünlüyü odur ki, audit nəticəsində sadəcə uzun problem siyahısı yox, real icra planı yaranır.

Technical SEO üçün hansı alətlər istifadə olunur?

Bir alət saytın bütün texniki problemlərini göstərmir. Ona görə fərqli məlumat mənbələrini birlikdə istifadə etmək daha faydalıdır.

Ən çox istifadə olunan alətlər:

  • Google Search Console — indexing, crawl və Core Web Vitals məlumatları;
  • Screaming Frog — URL-lər, status codes, metadata, canonical və sayt strukturu;
  • PageSpeed Insights — performans və Core Web Vitals;
  • Chrome DevTools — frontend, network və rendering problemləri;
  • Ahrefs və Semrush — əlavə site audit və SEO analizləri;
  • Rich Results Test — structured data nəticələrinin yoxlanması.

Burada əsas prinsip alətin göstərdiyi hər warning-i avtomatik SEO problemi hesab etməməkdir. Məsələn, bir crawler yüzlərlə warning göstərə bilər, amma onların içində yalnız bir neçəsi saytın real indexing və organic performansına ciddi təsir edə bilər.

Technical SEO-da ən çox edilən səhvlər

Robots.txt ilə indexlənməni idarə etmək

Disallow crawler-in səhifəyə daxil olmasını məhdudlaşdırır, amma URL-i search nəticələrindən çıxarmaq üçün noindex ilə eyni funksiya daşımır.

Sitemap-a lazımsız URL-lər əlavə etmək

404, redirect, duplicate və noindex URL-lərin sitemap-da qalması təmiz struktur deyil. Sitemap-da əsasən indexlənməsini istədiyimiz canonical URL-lər olmalıdır.

Canonical-ı hər duplicate probleminə avtomatik həll kimi istifadə etmək

Canonical düzgün istifadə edilmədikdə vacib səhifənin başqa URL-in versiyası kimi göstərilməsinə səbəb ola bilər. Canonical qərarı səhifələrin real münasibətinə əsaslanmalıdır.

Bütün 404-ləri homepage-ə redirect etmək

Silinmiş səhifənin uyğun alternativi yoxdursa, istifadəçini homepage-ə göndərmək problemi həll etmir. Bəzən normal 404 cavabı daha düzgün seçimdir.

Yalnız PageSpeed balına fokuslanmaq

Technical SEO yalnız sayt sürəti deyil. Crawling, indexing, canonical, sitemap, redirect və server problemləri çox vaxt performans balından daha yüksək prioritet daşıya bilər.

Audit edib implementasiya etməmək

Technical audit-in sonunda 100 səhifəlik report hazırlamaq nəticə deyil. Problemlər development tərəfdə tətbiq edilməli, sonra sayt yenidən crawl və test edilməlidir.

Yeni sayt hazırlanarkən Technical SEO nə vaxt düşünülməlidir?

Technical SEO-nu sayt tam hazır olduqdan sonra əlavə olunan son mərhələ kimi görmək düzgün deyil. URL strukturu, navigation, sitemap, canonical, responsive frontend, metadata və performans kimi məsələlər development prosesində nəzərə alınsa, sonradan ortaya çıxan problemlərin sayı azalır.

Məsələn, yeni layihə başlananda əvvəlcədən bunları planlamaq mümkündür:

  • URL strukturu və səhifə iyerarxiyası;
  • internal linking;
  • mobile responsive layout;
  • robots.txt;
  • XML sitemap;
  • canonical qaydaları;
  • redirect planı;
  • metadata;
  • structured data;
  • frontend performansı;
  • Search Console və analytics inteqrasiyası.

Bu səbəbdən veb sayt hazırlanması prosesində SEO və development-i bir-birindən tam ayrı mərhələlər kimi qurmaq əvəzinə, texniki tələbləri əvvəldən nəzərə almaq daha sağlam yanaşmadır.

Nəticə

Technical SEO nədir sualına qısa cavab versək, technical SEO saytın axtarış sistemləri tərəfindən rahat tapılması, crawl edilməsi, render olunması və indexlənməsi üçün texniki strukturun optimizasiya edilməsidir. Robots.txt, XML sitemap, canonical, status codes, redirects, JavaScript rendering, sayt sürəti və Core Web Vitals bu işin əsas hissələrinə daxildir.

Ancaq technical SEO-nun məqsədi audit alətində bütün warning-ləri sıfırlamaq deyil. Əsas məqsəd vacib səhifələrin Google üçün əlçatan olmasını, texniki siqnalların bir-biri ilə ziddiyyət yaratmamasını və saytın istifadəçi üçün stabil işləməsini təmin etməkdir.

Technical SEO audit apararkən əvvəlcə crawl və index problemləri, HTTP status kodları, canonical və sitemap kimi fundamental məsələləri yoxlamaq, daha sonra performans və daha spesifik problemlərə keçmək daha məntiqlidir. Real layihədə ən yaxşı nəticə isə SEO analizi ilə development tərəfdəki düzəlişlərin birlikdə aparılması zamanı əldə olunur.

Tez-tez verilən suallar

Technical SEO nədir?

Technical SEO saytın axtarış sistemləri tərəfindən rahat tapılması, crawl edilməsi, render olunması və indexlənməsi üçün texniki strukturun optimizasiya edilməsidir.

Technical SEO-ya nələr daxildir?

Technical SEO-ya crawlability, indexing, robots.txt, XML sitemap, canonical tag, HTTP status kodları, redirect-lər, sayt sürəti, Core Web Vitals, mobil uyğunluq və JavaScript rendering kimi mövzular daxildir.

Technical SEO ilə On-page SEO arasındakı fərq nədir?

On-page SEO əsasən səhifənin kontenti, title, description, heading, URL və daxili linkləri ilə işləyir. Technical SEO isə crawling, indexing, sitemap, robots.txt, canonical, status kodları və performans kimi texniki məsələlərə fokuslanır.

Robots.txt səhifənin indexlənməsinin qarşısını alır?

Robots.txt əsasən crawler access-i idarə edir. Səhifənin axtarış nəticələrində görünməsini bloklamaq üçün uyğun hallarda noindex istifadə edilməlidir.

XML sitemap nə üçün lazımdır?

XML sitemap axtarış sistemlərinə saytın vacib URL-lərini kəşf etməyə kömək edir. URL-in sitemap-a əlavə edilməsi onun mütləq indexlənəcəyinə və ya daha yüksək mövqe alacağına zəmanət vermir.

Canonical tag nədir?

Canonical tag eyni və ya çox oxşar məzmunun bir neçə URL-də olduğu hallarda hansı URL-in əsas versiya kimi üstün tutulduğunu göstərən SEO siqnalıdır.

Core Web Vitals hansılardır?

Core Web Vitals hazırda LCP, INP və CLS metriklərindən ibarətdir. Bu göstəricilər yüklənmə performansını, istifadəçi interaction-larına reaksiyanı və vizual stabilliyi ölçür.

Technical SEO audit necə başlanmalıdır?

Auditə vacib URL-lərin index statusu, crawlability, HTTP status kodları, robots.txt, canonical və XML sitemap yoxlamalarından başlamaq daha məqsədəuyğundur. Daha sonra performans, JavaScript rendering və sayt arxitekturası analiz edilə bilər.